Əhmədzadə Rüzgar Müşfiq qızı - 2002-ci il, avqustun 14-də Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Milli Konservatoriyasında musiqişünaslıq ixtisası üzrə almış gənc musiqiçi uşaqlıq illərindən etibarən ilk növbədə rəssamlıq sahəsində özünü uğurla sınamışdır. Lakin, seçim olaraq bəstəkar-musiqişünas kimi fəaliyyət göstərən Rüzgar Əhmədzadə Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, “Əmək Ordeni” mükafatı sahibi, professor Aydın Əzimovdan bu sənətin sirlərinə yiyələnməyə başlayır.
Ciddi bəstəkarlıq fəaliyyətinə 15 yaşında qədəm qoyan Rüzgar Əhmədzadənin ilk əsəri “Laylay” (op.1) olmuşdur. Onun musiqi qaleriyasına müxtəlif alətlər üçün pyeslər, tenor və bariton üçün 2 romans, soprano və violin üçün pyes, 2 türkü, qarışıq xor və simli kvartet üçün “Rənglər” , simli kvartet və nəfəsli kvintet, fortepiano üçün “5 Prelüd” , variasiyalar olan - “Çeşidlər” , “Sonatina” və “İthaf”, qarışıq orkestr tərkibi üçün isə 3 hissəli “Sinfonietta” daxildir. Pyeslər silsiləsində fleyta, valtorna, arfa, violin, violonçel və kontrabas kimi alətlər mövcuddur. Görkəmli bəstəkar F.Əmirovun 100 illiyi münasibətilə 4 violonçel üçün “Azərbaycan kapriççiosu” , 2 piano – 8 əl üçün “Min bir gecə baleti”nin mövzusuna fantaziyalar və qarışıq ansambl üçün “Min bir gecə baleti’dən Fraqmentlər”i yazmışdır.
Bəstəkarlıq fəaliyyəti ilə qısa müddətdir məşğul olmasına baxmayaraq, onun əsərləri ölkənin müxtəlif səhnələrində proqrama daxil edilmiş, Parisdə keçirilən Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konsertdə, Almaniyanın Nürnberq şəhərində yerləşən “Hochschule für Musik Nürnberg” Konservatoriyasının səhnəsində səslənmiş və Ankara şəhəri, Bilkent Konsert Salonunda Fikrət Əmirov’a həsr olunmuş konsertdə həm musiqişünas, həm də əsər və işləmələri ilə bəstəkar kimi çıxış etmişdir. Bununla yanaşı olaraq, Moldova, habelə Fransanın Strasburq şəhərində də Anım Gününə həsr olunmuş konsertdə əsərləri ifa olunmuşdur.
26 Mart 2023-cü il tarixində 62.500 azarkeşlə yanaşı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da qatıldığı “Qarabağ FK” və “Qalatasaray” xeyriyyə oyununda “Qarabağ FK”u üçün yazmış olduğu rəsmi himn ilk dəfə olaraq səsləndi.
Rüzgar Əhmədzadə hal-hazırda film musiqisi üzrə də fəaliyyətini davam etdirməkdədir. “Qütb Ulduzu” , “Hökm” , “Metamorphosis” , “Вселение” və “Pisces” kimi qısametrajlı filmlərin, “Qapı” tammetrajlı film musiqisinin müəllifidir.